
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Portuqaliya yığması ilə dünya çempionu olmağı hədəflədiyini deyib.
Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu “Sport TV”-də yayımlanan “Futebol Arte” proqramında yaşlandıqca vaxtının azaldığını hiss etdiyini söyləyib:
“Bu məqsədim həmişə olub. Futbolda xəyal edə biləcəyimdən daha çoxuna nail olmuşam. Premyer Liqanı və UEFA Çempionlar Liqasını qazanmağı çox arzulayırdım, amma hələ də çatışmayan çox vacib bir şey var – Portuqaliya üçün əsas titul. Yığma ilə Millətlər Liqasını iki dəfə qazanmışam, amma Avropa çempionluğu və ya dünya çempionluğu çatmır. Yaşlandıqca vaxtımın azaldığını hiss edirəm, ancaq mübarizə aparacağıq və bu dünya çempionatında hədəfimizə çatmağa çalışacağıq.
Həmişə titullar qazanmağı xəyal etmişəm, amma səkkiz ildə altı dəfə Premyer Liqanı qazanacağımı heç düşünməzdim. Futbol mənə düşündüyümdən daha çox şey bəxş edib, amma bu, son deyil. Böyük hədəflərim var və ən yüksək səviyyədə oynamağa davam etmək istəyirəm. Portuqaliya millisi ilə dünya çempionu olmaq mənim ən böyük arzumdur, bunun üçün döyüşəcəyik.
Uzunmüddətli planlar qurmağı xoşlamıram, çox diqqətliyəm. “Mançester Siti” ilə müqaviləmin son ilidir və mövsümü yaxşı bitirmək, mənə çox şey vermiş klubla daha bir titul qazanmaq istəyirəm. Sonra isə Portuqaliya yığması ilə dünya çempionu olub, xalqımızın arzusunu reallaşdırmaq istəyirəm”.
