“Qol buraxmaqdan qorxmamalıyıq” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında sabah “Napoli”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Çox gözəl şəhərdəyik. Böyük tarixi olan kluba qarşı oynayacağıq. Eyni zamanda böyük məşqçinin komandasına qarşı oyun gözləyir. Vacib matçdır. Bilirik ki, “Napoli” turnir cədvəlində öz yerini yaxşılaşdırmaq istəyir. Ciddi hazırlaşıblar. Ümumiyyətlə, Antonio Kontenin hansısa oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Oyuna pis hazırlaşmamışıq. Sona kimi oyun intizamımızı qorumağa çalışacağıq. Dinamik futbol oynamaq istəyirik.

– Çempionlar Liqasında yaxşı nəticələr əldə edirsiniz…
– Reallığa baxsaq, bu gün bəlkə də, Azərbaycan klubu belə böyük turnirdə oynamalı deyil. Amma bu komandada gördüyümüz işlər var. Missiyamız odur ki, hər il irəli gedək. Ən yüksək klub turniri budursa, olmaq arzumuzdur. Bacardığımız qədər Çempionlar Liqasında oynamaq istəyirik. Qrupa düşmüşüksə, oyunlardan həzz almaq istəyirik. Oyunumuzdan qaçmamalıyıq. Belə böyük klublara qarşı yaxşı mübarizə aparmaq istəyirik. Belə məsuliyyətlə oyunlara yanaşırıqsa, deməli, nəticə əldə etmək olar. Nəticələrə görə həm sevinirik, həm də özümüzə inam çoxalır. Əvvəl də qeyd etdiyim kimi, belə oyunlardan, nəticələrdən həzz alırıq.

– Uzunmüddət bu klubda işləməyiniz nə ilə bağlıdır?
– Mənim üçün də uzunmüddət bir klubda çalışmaq məsuliyyət tələb edir. Digər tərəfdən də çox şadam. “Qarabağ” elə klubdur ki, bizimçün fərqlidir. Çünki adı çox dəyərlidir. Bölgə klubu olsaq da, uzun illər Bakıda bu klubu yaşatmışıq. Klub Bakıda böyüyüb. Klubun böyük adı var. Yaxşı kollektiv formalaşdırmışıq, bir yerdəyik. İstərdim ki, daha yaxşı nəticələrimiz olsun.

– “Napoli” uzun müddətdir, bu arenada uduzmur…
– Böyük klublarla oyunlarda statistikaya önəm vermirik. Onların oyun sistemini, meydandakı düşüncəsini, hərəkətliliyinə önəm veririk. “Napoli”nin böyük məşqçisi var. Bu nəticə belə də olmalıdır. Çünki böyük azarkeş dəstəkləri var. Klubda məşqçilər dəyişsə belə daha da nəticəni düşünənlər olur. Klubun xarakteri hər zaman qalır. Statistikanı düşünməyərək oyuna hazırlaşırıq. Bu klub əvvəlki nəticələri yox, bizə qarşı oyunu düşünürlər.

– Elvin Cəfərquiyev oynayacaq?
– Durumu yaxşıdır. Sabah son qərarı verəcəyik.

– Konte mətbuat konfransında bildirib ki, qələbəni sabah ildönümü olan Dieqo Maradonaya həsr edəcəklər…
– Bəli, oxumuşam. Bu, bizim üçün də motivasiyadır. İstəyirik ki, azarkeşlər üçün də baxımlı futbol oynayaq, fanatlar bundan həzz alsınlar.

– Sabah çox qol buraxmaqdan narahat deyilsiniz?
– Futbolun bəzəyi qoldur. Stabil olmaq istəyirsənsə, hücum futbolu oynamalısan. Hücumda nə qədər yaxşı olursansa, müdafiədə də diqqətli olmalısan. Bizimçün tələblərdən biri də budur. Müdafiədə düzgün oynamalıyıq. Hər bir halda, böyük futbolda bəzən düşünmədiyin sayda qollar buraxırsan. Hər oyun istədiyin, düşündüyün nəticəni əldə edə bilmirsən. Bəzən komandalar il ərzində 1-2 dəfə böyük hesablı məğlubiyyətlərlə qarşılaşır. Qol buraxmaqdan qorxmamalıyıq. Hücumda cəsarətli oynamalıyıq. Lakin məqsədlərimizdən biri də qapımızda az qol görməkdir.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir