
Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın seçmə mərhələsində İspaniya yığmasına qarşı bu gün keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxış edib.
Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı iştirak etdikləri hər oyunu qazanmaq istədiklərini bildirib:
“Bu bizim üçün çox önəmli matçdır. Heç bir halda yoxlama oyunu deyil. İştirak etdiyimiz hər oyunu qazanmaq istəyirik. Hazırlığımız əladır və istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
Montella belə matçların futbolçular üçün xüsusi motivasiya yaratdığını deyib:
“Futbolçu karyerama baxanda ən çox sevdiyim oyunların məhz bu tip matçlar olduğunu deyə bilərəm. Çünki belə qarşılaşmalar sizi özünüzü göstərməyə məcbur edir. Bu matç öz səviyyəmizi qiymətləndirmək baxımından bizim üçün çox vacibdir”.
O, İspaniya yığmasını məğlub etməyin mümkün olduğunu da söyləyib:
“Futbolda hər şey mümkündür. Biz İspaniyanı məğlub edə biləcəyimizi bilirik – iddiamız, istəyimiz və oyun üslubumuz var. Niyə də olmasın?”
İspaniya millisi 15 xalla qrupun liderdir. Türkiyənin 12 xalı var və birinci yerə yüksəlməsi üçün 7 və ya daha çox fərqlə qalib gəlməsi tələb olunur. Gürcüstanın 3, Bolqarıstanın isə 0 xalı var.
İspaniya – Türkiyə qarşılaşması saat 23:45-də start götürəcək.
