Çempionlar Liqasında “Qarabağ” möcüzəsi davam edir. 2017-ci ildən sonra birinci dəfə turnirin əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionatı ardıcıl ikinci qələbəsini qazandı. Danimarka çempionu “Kopenhagen”i Bakıda qəbul edən “atlılar” yaxşı oyun və qələbə ilə aktivinə üç xal yazdırdı.
“Qarabağ” 36 komandanın yer aldığı liqa mərhələsində 6-cıdır. “Mançester Siti”, “Tottenhem”, “Atletiko”, “Barselona”, “Çelsi”, “Qalatasaray” kimi komandaları üstələyən “Qarabağ”ın nəticələrinə hardan baxsan, möhtəşəmdir. Heç kimin favorit göstərmədiyi oyunlarda inamlı, əzmkar futbolu ilə xallar qazanan “Qarabağ” indi dünya və Türkiyə mətbuatının gündəmindədir. Xüsusilə türklər sosial şəbəkələrdə “Qarabağ”ın, Qurban Qurbanovun şənindən söz açır.
Əvvəlcə “Benfika” geridönüşü, daha sonra “Kopenhagen”ə qarşı üstünlük “Qarabağ”ın artıq başqa səviyyə futbol oynadığının göstərişidir. Danimarkalılar həmişə fiziki gücü, sürətli əks-hücumları ilə seçilən kollektivlərdəndir. Buna baxmayaraq, Qurbanovun komandası rəqibi yaxşı “oxudu”, verilən tapşırıqların öhdəsindən maksimum gəlməyi bacardı. Müdafiədə və hücumda inamlı oynayan “Qarabağ” rəqibinə ciddi qol imkanı vermədi, uzaqdan vurulan zərbələr və Koxalskinin seyvləri bu məqamda qeyd edilməlidir.
Polşadan gələn, karyerasında ilk dəfə bu səviyyədə turnirdə oynayan qapıçı Mateuş Koxalski də Qurbanovun tapıntılarındandır. Son oyunların əsas qəhrəmanı isə Elvin Cəfərquliyevdir. “Kopenhagen”lə matçda oyunun ən yaxşısı seçilən Elvin həm müdafiədə, həm hücumda əzmkarlığı ilə fərqləndi. O, ÇL-də bu mükafatı alan ilk azərbaycanlı kimi də tarixə düşdü.
Liqa mərhələsində iki oyundan maksimum nəticə ilə çıxan “Qarabağ”ın daha çətin yolu qarşıdadır. Növbəti rəqiblər İspaniya “Atletik”i, İngiltərə “Çelsi”sidir… Bu rəqiblərdən də xal almaq Azərbaycan çempionu üçün pley-off qapısını aralayacaq.
Şahin Cəfərov
