“Onu güclə sakitləşdirə bildik” – Sxadadze

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Öz futbolçularıma da minnətdarlığımı bildirirəm. Mübariz oyun göstərdilər. Bu vaxta qədər deyirdilər ki, “Qəbələ”nin hücum xətti yaxşıdır, müdafiədə problemlər var. Bu oyun göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır. “Qarabağ” kimi rəqibə qarşı 90 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq, futbolçular taktiki baxımdan çox düzgün oynadılar. “Qarabağ”ın Çempionlar Liqasında vacib oyunu var. Onlara uğurlar arzulayıram. Daha bir vacib məqamı qeyd edim ki, bu gün daha bir futbolçumuz Premyer Liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçuların sayı 5-ə çatdı.

– Yeni qapıçı transferi ilə bağlı yenilik varmı?

– Hələ ki, bir şey yoxdur. Bir qapıçı gözləyirdik. Onu da Ukraynada orduya apardılar. Hazırda başqa variant yoxdur.

– Prins Ovusuya qırmızı vərəqəyə görə irad bildirəcəksiz?

– Əlbəttə ki, yox. Prins hələ uşaqdır. Özünü çox pis hiss edir. Paltardəyişmə otağında ağlayırdı. Onu güclə sakitləşdirə bildik. Həmin epizodda qəsdən qayda pozuntusu da yox idi. Sürüşdü, ona görə də qaydanı pozdu. “Qarabağ”ın özü üçün də yaxşı olardı ki, vacib oyundan əvvəl 11 nəfərə qarşı oynasınlar. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər. Matçın əvvəlində belə “qırmızı” ilə bağlı şərh vermək mənim üçün çətindir.

– “Qəbələ”dən bu mövsüm hansı nəticəni gözləyə bilərik?

– Hər oyunda döyüşəcəyik. Əlbəttə ki, məqsədimiz Premyer Liqadakı yerimizi qoruyub-saxlamaqdır. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik.

– “Araz-Naxçıvan” azlıqda qalandan sonra “Qarabağ” 5 qol vurdu. Bu gün sizin komandanız sona qədər mübarizə apardı. Maraqlıdır, matçdan əvvəl məşqçilərin qırmızı vərəqə ilə bağlı planları olur?

– 2-ci dəqiqədə yox da (gülür). Hücumçu qırmızı vərəqə alanda oyunu qurmaq asan olur. Müdafiəçi çıxanda gərək dəyişiklik edəsən. Belə olanda oyunu yenidən qurmaq çətinləşir. “Qırmızı”dan sonra 5-3-1 sistemi ilə oynamağa başladıq. Bir daha vurğulayıram, futbolçularıma təşəkkür edirəm. “Qarabağ” tamam fərqli səviyyənin komandasıdır. Belə rəqibə qarşı özümüzü yaxşı tərəfdən göstərdik.

Şahin Cəfərov 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir