Tarix bu dəfə Bakıda yazıldı

“Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Pley-off mərhələsinin cavab oyununda Bakıda “Ferentsvaroş”a uduzmasına baxmayaraq, ilk oyunda qələbə qazanan və ümumi hesabda üstün olan “atlılar” adını UEFA-nın bir nömrəli turnirinin əsas mərhələsinə yazdırıb.

Macarıstanda qazanılan 3:1 hesablı qələbə üstünlük versə də, cavab oyununun gərgin keçəcəyi, “Ferentsvaroş”un erkən qol axtarışında olacağı əvvəldən məlum idi. Tofiq Bəhramov adına Respublika stadionunu dolduran fanatlar möhtəşəm atmosfer yaratmış, möhtəşəm dəstək nümayiş etdirirdi.

Oyunun əvvəlində həyəcanlı görünən və əvvəlki matçlardakı “Qarabağ”a bənzəməyən təmsilçimiz erkən qol buraxdı. Qoldan sonra komandada gərginlik kifayət qədər hiss edilirdi. Tələskənlik, fərdi səhvlər narahatlıq doğurmağa başlamışdı. Dəqiqələr keçdikcə toparlanan “Qarabağ” 25-ci dəqiqədə hesaba tarazlıq gətirdi, fasiləyə yaxın isə önə keçdi.

Görüşün ikinci hissəsinin daha açıq olacağı, “Qarabağ”ın kifayət qədər boşluq yaxalayacağı proqnoz edilirdi. Belə də oldu, “Ferentsvaroş” riskə gedir, təmsilçimiz boş zonalar yaxalayırdı. Lakin ələ düşən fürsətlərin qaçırılması macarları ümidləndirməkdə idi. Bundan sonra daha iki qol vuran və önə keçən “Ferentsvaroş” matçın son dəqiqələrini böyük basqıyla keçirdi. Qapıçı Mateuş Koxalskinin kritik seyvləri oyunun əlavə vaxta getməsinin qarşısını aldı.

Əzmkar və soyuqqanlı oyunla son dəqiqələrdə qapısını toxunulmaz saxlayan “Qarabağ”ın əsas mərhələyə vəsiqəsi Respublika stadionunda böyük sevinclə qarşılandı. Meydanda, meydandan kənarda böyük sevgi nümayiş etdirildi. “Qarabağ” illərdir Azərbaycan futbolunun yükünü daşımaqdadır və bu dəfə mübarizəsini UEFA-nın bir nömrəli turnirində aparacaq.

Matçdan sonra dünya idman mətbuatının gündəminə düşən, milyonlarla izləyicisi olan futbol səhifələrinin “Qarabağ”la bağlı paylaşım etməsi də diqqətdən qaçmadı. Azərbaycan çempionu stabil nəticələri ilə artıq beynəlxalq arenada özünə yer edib.

Qarşıda sıx qrafik olacaq. Premyer Liqa, ölkə kuboku və Çempionlar Liqası matçlarını nəzərə alsaq, heyətin genişlənməsi, xüsusilə hücumun mərkəzi üçün keyfiyyətli oyunçu transferi artıq şərtdir.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir