Vidaya baxış: “Sabah” üçün son dəqiqələrin hökmü

“Sabah” Konfrans Liqası ilə vidalaşıb. “Bayquşlar” III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandası ilə duellərdən məğlub ayrılıb – 0:2, 0:1.

Sofiyada keçirilən matçın son saniyələrində qol buraxan və minimal fərqlə uduzan “Sabah”dan cavab görüşündə qələbə gözlənilirdi. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektivin səfər görüşündə sərgiləndiyi oyun ümidləri artırmışdı, lakin…

Cavab matçında erkən qola ehtiyacı olan “Sabah” nəinki qol vurmaq, rəqib qapısı qarşısında demək olar, ciddi təhlükələrlə yadda qalmadı. Son ötürmələrdə uğursuzluq, oyunun bəzi anlarında yaşanan tələskənlik məğlubiyyətə əsas səbəblərdən idi.

Bu mövsüm Avropa Liqasında mübarizəyə başlayan, ancaq “Çelye”yə Bakıda 2:3 hesablı məğlubiyyətdə buraxılan, cavab görüşündə də əlavə vaxtda yenilən qol “Sabah” üçün avrokuboklarda həlledici oldu.

“Levski” ilə duellərdə qol vura bilməmək də komandanın aktivinə neqativ hal kimi yazıldı. Bu mövsüm avrokuboklardakı məhsuldarlığı ilə seçilən “Sabah”ın bolqarlara qarşı qol vura bilməməsi gözlənilməz oldu.

“Levski” “Sabah”ın dişinə görə rəqib idi. İlk oyunda buraxılan son saniyə qolu cütün taleyini müəyyənləşdirən xırda detallardan biri, bəlkə də birincisi oldu.

Mövsüm yeni başlayıb və qarşıda Premyer Liqada uzun marafon var. “Qarabağ”ın Çempionlar Liqasında pley-off mərhələsi səbəbindən “Sabah”ın “atlılar”la I tur oyunu təxirə salınıb və komandanın istirahət üçün iki həftəyə yaxın vaxtı olacaq. “Bayquşlar” bu müddətdə çatışmazlıqları aradan qaldırmalı və mövsümə uğurlu start üçün həll yolları tapmalıdır.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir