Yeni mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən “Şamaxı” dünən yoxlama oyunu keçirib.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Sumqayıt”a minimal hesabla qalib gəlib – 1:0. “Şamaxı” yay hazırlıqları çərçivəsində daha əvvəl “Kəpəz”i 6:1, “Karvan”ı 2:0 hesabıyla məğlub edib. Komandanın toplanışdakı yeganə məğlubiyyəti “Qəbələ”yə qarşı olub – 1:2.
Bölgə təmsilçisinin növbəti sınağı avqustun 9-da debütant “İmişli”yə qarşı olacaq. Müsbət nəticələr “Şamaxı”nın çempionata daha hazır olacağından xəbərçidir.
Yeni mövsümə hazırlıqlı olanlardan daha bir klub isə “Qəbələ”dir. Ötən mövsümdə I Liqada çempionluq yaşayan “qırmızı-qaralar” yay hazırlıqlarında məğlubiyyət yaşamayan yeganə kollektivdir.
“Qəbələ” son olaraq debütant “İmişli”yə qalib gəlib – 3:2. Komanda bundan öncə “Sumqayıt”a 1:0, “Kəpəz”ə 2:0, “Şamaxı”ya 2:1 hesabıyla qalib gəlib. 4 görüşdə 7 qol vuran Kaxaber Sxadadzenin kollektivi 3 qol buraxıb.
Komandaların toplanışlarının yekunlaşmasına bir həftə vaxt qalıb. Sınaq matçlarında yaxşı nəticələrlə gündəmə gələnlərin daha hazır olduğunu düşünmək olar. “Neftçi” Polşa hazırlığında 3 oyunda 3 heç-heçə edib. Məğlubiyyətsiz və qələbəsiz sınaq…
“Karvan”, “İmişli”, “Sumqayıt” və “Kəpəz” isə qeyri-stabil hesablarla yadda qalır. “Kəpəz” “Sumqayıt”a 1:2, “Qəbələ”yə 0:2, “Şamaxı”ya 1:6 hesabıyla uduzub. Yoxlama oyunlarının ən pis statistikası məhz gəncəlilərə aiddir.
Şahin Cəfərov