
Ukraynanın “Aleksandriya” klubu Serbiyanın “Partizan” komandası ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan sonra azarkeşlərinə müraciət edib.
Komanda.az xəbər verir ki, matç ərzində Ukrayna komandasının azarkeşləri serblərin və rusların ünvanına təhqiramiz şüarlar səsləndiriblər. “Partizan”ın qardaş klubu sayılan ÇSKA (Moskva) xüsusilə ağır sözlərlə “yad edilib”.
“Aleksandriya” rəhbərliyinin azarkeşlərə müraciətində belə deyilib:
“Katovice Arena”da inanılmaz dəstəyə görə təşəkkür edirik. Səsiniz, bayraqlarınız və komandaya olan inamınız futbolçularımız üçün əsl ilham mənbəyi oldu. Biz birlikdə güclüyük! Siz bizim 12-ci oyunçumuzsuz və varlığınız dəstəkdən daha çoxdur, “Aleksandriya”nın bütün Avropada böyük ürəyi və sadiq futbol ailəsi olduğunun sübutudur”.
Rusiyanın Ukraynaya işğalçı hücumu səbəbindən bu ölkənin klubları avrokuboklarda ev oyunlarını neytral meydanlarda, o cümlədən Polşada keçirməyə məcbur olurlar.
Qarşılaşma “Partizan”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu iyulun 31-də Belqradda keçiriləcək.