Tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn “Sabah”ın buradakı rəqibi İsrail təmsilçisi “Hapoel” olacaq. “Bayquşlar” ilk matçı səfərdə, cavab görüşünü isə evdə keçirəcək.
Əsası 1949-cu ildə qoyulan Beer Şeva təmsilçisi İsrail futbolunda son illərdə yüksəlişdə olan klubdur. “Dəvələr” ləqəbli komanda tarixində 6 dəfə liqa çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.
“Transfermarkt”da dəyəri 25 milyon avro olan “Hapoel”də heyət əsasən yerli oyunçulardan təşkil olunub. Bu da Beer Şeva klubunu israillilər üçün daha doğmalaşdırır.

2025/26 mövsümündə ölkə çempionu olan “Hapoel” 8 il sonra qızıl medalın sahibi olaraq yenidən İsrail futbolunda ağırlığını qoyub.
Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “dəvələr” əvvəlcə İslandiyanın “Vikinqur” komandasını mübarizədən kənarlaşdırıb. Səfərdə 1:2 hesabıyla uduzan Beer Şeva təmsilçisi cavab matçında iki cavabsız qolla qalib gəlib.
III təsnifatda isə Serbiya çempionu “Srvena Zvezda” səddi aşıldı. “Hapoel” güclü rəqibinə həm səfərdə, həm ev oyununda qalib gəlməklə iddiasını ortaya qoydu.

İsrail təmsilçisinə yerli məşqçi Ran Kuzox rəhbərlik edir. O, 2024-cü ilin yayından komandanın “sükanı arxası”ndadır. “Hapoel” onun başçılığı altında kifayət qədər yaxşı nəticələrlə diqqət çəkir – 93 oyun, 61 qələbə, 15 məğlubiyyət. Komanda bu matçlarda 197 qol vurub, 89-nu buraxıb. Mütəxəssisin “Hapoel”dəki xal ortalaması 2.15-dir.
Pley-offda üz-üzə gələcək “Sabah” və “Hapoel” tarixində heç vaxt Çempionlar Liqasında əsas mərhələdə iştirak etməyib. Bu, klubların oyunöncəsi motivasiyasını daha artıran məqamdır.
Komandalar arasındakı ilk matç avqustun 19-da Macarıstanda, cavab görüşü isə 25-də Bakıda keçiriləcək.
Şahin Cəfərov
