Qurban Qurbanov: “Hər oyuna hazır olmalıyıq”

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” oyunundan (7:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını belə cavablandırıb:

– Adətən “Qarabağ” liqada üstün olur və bu qədər xal fərqi ilə geriyə düşmür. Komanda hazırkı vəziyyətə lazımi reaksiyanı verə bilir? 

– Əlbəttə ki, verir. Komandada xarakter olduğu üçün nəticə qazanırıq. Bəzən uğursuz gedişatdan sonra geridönüş edə bilmişik, amma alınmayan zamanlar da olub. Daxili problemlər olub, futbolçuların çoxu istədiyimiz formada olmayıblar. Potensiallı futbolçularımız var, təcrübəli komandayıq. Sona kimi çalışırıq ki, qələbə qazanaq. “Sabah” yaxşı balanslaşmış komandadır. “Neftçi”, “Zirə”, “Turan Tovuz” da oyunlarını inkişaf etdiriblər, stabil oyun göstərir, nəticə qazanırlar. Hər oyuna hazır olmalıyıq. Çalışmalıyıq ki, nəticə vermək üçün düz nədirsə, ondan əl çəkməyək.

– Hakimlik məsələsi çox danışılır. Çempionatın bu vəziyyətinə hakimliyin nə dərəcədə təsiri var? 

– Fikir bildirmək bəlkə, düzgün deyil. Amma ümumən kənardan görünür ki, hakimlər bilmirlər nə qərar versinlər. Bilmirəm, tələb çoxdur, yoxsa dünya futbolunda da hansısa yeni qaydalar olur. Hakimlər bir az tərəddüd içindədirlər. Məndə də olur, bəzən təcrübəsi az olan futbolçudan oyunda çox şey tələb edirəm. Bəzən görürsən ki, təcrübəsizlik ona mane olur. Birində düz edir, o birində yox. Konkret qayda olmalıdır, futbolun da, hakimliyin də dili birdir. Ola bilər ki, tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də özümüzə aid dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadır. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan da onlardır. Allah işlərini asanlaşdırsın.

Adil Nəhmətli

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir