Eşitmişik ki, Sent Lüsiya ilə oyunun Sumqayıta salınması təklifi baş məşqçi Ayxan Abbasovdan gəlib. Ancaq binəva nə biləydi ki, yağış “razdevalkada” şəlalə yaradacaq.
6:1 hesablı qələbəni kölgədə qoyan bu məqam daha çox müzakirə olundu. Sumqayıt stadionu “Kamp Nou”dan geri qalmaz, atam balası…
Zarafat deyil, büdcə hesabına ərsəyə gələn stadionun bu halda olması ciddi araşdırılmalı məsələdir.
Ümumiyyətlə, bu, o stadionun düçar olduğu ilk problem deyil. “Sumqayıt”ın “Fehervar”la avrokubok matçında da, hətta Minsk “Dinamo”sunun ev oyunları həmin stadiona təyin olunarkən də təşkilatçılar əlavə xərcə düşməli olmuşdu. Bu da tikintidə buraxılan yanlışlıqlara görədir.
Hələ həmin ərəfədə “Sumqayıt” klubuna bununla bağlı sorğu göndərmişdik. Klub qısa cavablamışdı: tikintiyə görə heç bir məsuliyyət daşımırıq.
Dünənki şəlaləyə görə də AFFA-nı qınayanlar tələsib. Başıbəlalı arena Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzarətiylə tikilib və redaksiyamızın əldə etdiyi məlumata görə, nə AFFA, nə klub iş prosesinə yaxın buraxılıb (Bütün tərəflərin məsələ ilə bağlı yeni mövqeyini dərc etməyə hazırıq – red.)
Stadionun tribunalarında çıxış keçidlərin sayı istifadəyə verildiyi gün elə ən çox müzakirə olunan mövzuya çevrilmişdi. Görünür, nöqsanlar araşdırılmalı və ciddi addımlar atılmalıdır.
AFFA isə texniki baxışı bütün tələblərə uyğun gəlməyən arenaya millinin oyununu salmamağı bundan sonra prioritet məsələlərdən birinə çevirməlidir.
Kamil Əhməd
