Portuqaliyanın U-21 millisinin baş məşqçisi Luis Freyre Azərbaycanın U-21 yığmasına qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Asan oyun olmayacağını bilirdik. Rəqib hər matçda maksimumunu verməyə çalışır. Azərbaycan millisinin hücumda sürətli oyunçuları var. Buna görə də əks-hücumlarda diqqətli olmalıydıq. Futbolçularımız yaxşı hücumlar qurdular və bunlardan yararlandılar. Azərbaycan yığması ikinci hissədə yoruldu və müdafiəyə çəkildilər. Bu da bizim qol vurmağımızı asanlaşdırdı.
– Hesab amma asan oyun keçdiyini göstərir…
– Hər şey bizim özümüzdən asılıdır. İlk dəqiqələrdən oyuna ciddi yanaşmasaydıq, bu, bizə baha başa gələ bilərdi. Futbolçularım oyuna ciddi yanaşdılar və sonda istədiyimiz nəticəni qazandıq.
– Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi?
– Oyunun əvvəlindən axıra kimi yağış yağdı. Amma bunun gedişat təsir göstərdiyini deməzdim. Topun hərəkətinə heç bir çətinlik yaratmırdı.
– Azərbaycan millisi ilə iki oyun keçirdiz. Sizcə, millimizin problemi nədir?
– Güclü rəqiblərlə oyunlarda müdafiədə inamlı çıxış etməyə çalışırlar. Azərbaycanda oyunçu seçimi üçün nə qədər imkanların olduğunu bilmirəm. Komanda müdafiədə yaxşı çıxış edir. Hücumda da sürətli oyunçuları var. Əks-hücumlardan yararlana bilərlər.
– Azərbaycanın U-20 millisinə portuqaliyalı baş məşqçi təyin olunub. Bununla bağlı fikirləriniz necədir?
– Ruy Jorje çox təcrübəli məşqçidir. Uzun illər Portuqaliyanın U-21 millisinin çalışdırıb, iki dəfə Avropa çempionatının finalında oynayıb. Düşünürəm ki, o işinin öhdəsindən gələcək.
