Sürprizlər liqası

Azərbaycan II Liqasında XVIII tur başa çatıb. Son gündə baş tutan matçlarda sürpriz nəticə qeydə alınıb.

Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “Quba” azarkeşləri önündə “Dinamo”ya uduzub. Qonaq komanda 10 nəfərlə qalmasına baxmayaraq, Qubadan üç xalla dönməyi bacarıb. Bu, mövsümün ilk belə sürpriz nəticəsi deyil, məsələn, “Göygöl”ün özündən daha güclü “Sheki City”ə ötən tur 10 qol vurması da diqqətdən qaçmayıb.

Ümumiyyətlə, II Liqa Azərbaycan çempionatları arasında ən çox sürprizlərin yaşandığı, müxtəlif qalmaqalların ortaya çıxdığı liqadır. Əsas da ötən turun baş tutmayan “Xankəndi” – “Şəmkir” oyununda yaşananlar…

Turnir cədvəlinə 51 xalla “Xankəndi” başçılıq edir. Komanda bu mövsüm cəmi bir dəfə məğlub olub. 17 qələbə ilə zirvədə olan klub çempionluğun əsas namizədidir.

“Xankəndi”ni 48 xalla “Qaradağ Lökbatan” izləyir. Son dönəmlərdə mütəmadi I Liqada mübarizə aparan, lakin ötən mövsüm çempionatı tərk edən komanda yenidən bir üst liqaya qalxmaq niyyətindədir.

“Üçlüy”ü tamamlayan “Quba”nın isə aktivində 36 xal var. Bölgə təmsilçisinin ardıcıl məğlubiyyətləri rəqibləri arasındakı fərqin azalmasına səbəb olub.

Liqanın autsayderi “Araz Saatlı”nın isə 4 xalı var. Bu mövsüm 18 oyunda 82 qol buraxan bölgə klubunda maliyyə problemləri yaşanır. Bu səbəbdən üstünlüyü gənc oyunçulara verən komanda nəticələrlə bunun acısını yaşayır.

12 komandanın mübarizə apardığı II Liqada mövsümün bitməsinə 9 tur qalıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir