Səudiyyə Ərəbistanının Pro Liqası rəsmiləri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun komandanın transfer pəncərəsində güclənməməsindən narazı qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Daha əvvəl xəbər verilmişdi ki, bu səbəbdən portuqaliyalı futbolçu “Əl-Nəsr”in oyunlarını boykot etməklə yanaşı, yayda klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum rəsmilərindən biri Pro Liqanın sadə prinsip üzərində qurulduğunu, hər bir klubun müstəqil şəkildə fəaliyyət göstərdiyini, həmçinin, eyni qaydalara tabe olduğunu deyib:
“Klubların öz idarə heyətləri, rəhbərləri və futbol komandaları var. Oyunçu transferləri, xərclər və strategiya barədə qərarlar yalnız klublar tərəfindən qəbul edilir və maliyyə strukturu çərçivəsində həyata keçirilir. Bu struktur bütün liqa üzrə bərabər şəkildə tətbiq olunur”.
O, həmçinin, əlavə edib ki, Ronaldonun gəlişindən bəri “Əl-Nəsr”in həyatında əhəmiyyətli rolu olub və klubun inkişafında, iddialarının reallaşmasında iştirak edib:
“Hər bir yüksək səviyyəli idmançı kimi, o da qalib gəlmək istəyir. Ancaq heç kim – nə qədər önəmli olsa da, öz klubundan kənar qərar vermir. Son transfer hərəkətləri klubların müstəqilliyini bir daha göstərib. Bəzi klublar güclənmə yolunu seçib, digərləri isə fərqli strategiya tətbiq edib. Bütün bu qərarlar maliyyə parametrlərinə uyğun olaraq klublar tərəfindən qəbul edilib”.
